Onlayn dostluqlar və depressiya – Sosial medianın yeniyetmələrə təsiri


“Texas A&M” Universitetində aparılan yeni tədqiqat yeniyetmələrin onlayn sosial həyatının zehni sağlamlığa ikiqat təsirini üzə çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, “Kiberpsixologiya, Davranış və Sosial Şəbəkə” (Cyberpsychology, Behavior, and Social Networking) jurnalında dərc olunan araşdırmaya görə, yeniyetmələrin onlayn fəaliyyəti onların psixoloji durumuna həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, onlayn icmalarda fəal iştirak edən gənclər daha güclü dəstək hiss edə və müsbət sosial əlaqələr qura bilirlər. Lakin sosial medianın passiv istifadəsi, başqaları ilə mənfi müqayisələr aparmaq kimi hallar depressiya və narahatlıq səviyyəsini artıra bilər.
Araşdırmanın müəllifləri qeyd edir ki, yeniyetmələrin zehni sağlamlığına təsir edən əsas amil sadəcə internetdə keçirilən vaxt deyil, həm də onların rəqəmsal davranış modelidir. Kompulsiv sosial media istifadəsi, daim onlayn olmaq ehtiyacı və özünü idarəetmə bacarığının azalması əsas risk faktorları kimi göstərilir.
Əvvəlki araşdırmalarda da sosial mediada həddindən artıq vaxt keçirməyin oxu, yaddaş və lüğət bacarıqları kimi idrak göstəricilərində zəif nəticələrə səbəb olduğu vurğulanıb. Bu baxımdan, tədqiqatçılar təkcə vaxt məhdudiyyətinin yetərli olmadığını, həm də onlayn münasibətlərin keyfiyyəti, sosial qarşılıqlı əlaqənin funksionallığı və rəqəmsal mühitin strukturu kimi amillərin nəzərə alınmasının vacibliyini bildirirlər.
Mütəxəssislər tövsiyə edirlər ki, yeniyetmələrin zehni rifahını qorumaq məqsədilə təkcə məhdudiyyətlər tətbiq edilməməli, eyni zamanda sağlam və dəstəkləyici onlayn mühitlərin formalaşdırılmasına yönəlmiş strategiyalar hazırlanmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top