
Litva Prezidenti Gitanas Nauseda ölkəsinə qarşı təhlükə yarandığını bildirib və Belarusla sərhədin uzun müddətə bağlanmasını, həmçinin Kalininqrada gedən tranzit yollarının məhdudlaşdırılmasını təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Prezidentin sözlərinə görə, son günlər hava limanlarında baş verən hadisələr – yəni, Belarusdan hava şarları ilə göndərilən siqaret qaçaqmalçılığı Litvaya qarşı “hibrid hücum”dur: “Bu səbəbdən Litva sərt cavab tədbirləri görməlidir”.
BNS xəbər agentliyi bildirib ki, həmin hava şarları cümə və şənbə günləri Vilnüs və Kaunas hava limanlarında uçuşların dayanmasına səbəb olub. Bu həftə ərzində Litvada aviasiya nəqliyyatı üç dəfə pozulub.
Prezidentin administrasiyası deyib ki, yaxın günlərdə hökumət bu məsələ ilə bağlı plan hazırlamalıdır. Çərşənbə axşamı isə bu məsələ ilə bağlı dövlət orqanlarının müşavirəsi keçiriləcək.
Qeyd edək ki, Litva əvvəllər də Belarusla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb və sərhəddə fiziki maneələr quraşdırıb. İndi isə qaçaqmalçılar siqaretləri daha çox hava şarları ilə göndərməyə başlayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz