
Rəşt-Astara dəmir yolu xəttinin tamamlanması məqsədilə İran ilə Rusiya arasında uzun müddətdir gözlənilən müqavilənin gələn ay imzalanacağı gözlənilir.
Yeniavaz.com “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
Nazir qeyd edib ki, İran administrasiyası qonşu ölkələrlə münasibətlərin inkişafında nəqliyyat sektoruna xüsusi önəm verir və bu istiqamətdə fəal diplomatik səylər göstərilir. O bildirib ki, son iki həftə ərzində regional əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Pakistana səfərlər edib.
Fərzanə Sadiq deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi İran üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu xəttin istifadəyə verilməsi regionda yük daşımalarının və beynəlxalq tranzitin həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Nazir əlavə edib ki, Bakıda keçirilən görüşlərdə aparılan danışıqlar ilkin gözləntiləri də üstələyib və bu layihənin sürətləndirilməsinə töhfə verəcək. O həmçinin Pakistanda keçirdiyi görüşlərə də toxunaraq, İranın Pakistan ilə Avrasiya və Qafqaz ölkələri arasında tranzit qovşağına çevrilməsi istiqamətində konkret addımların atıldığını bildirib. Bu çərçivədə, Çin mallarının Pakistan və İran vasitəsilə Avropaya daşınması üçün yeni logistika marşrutlarının yaradılması da gündəmdədir.
Sonda Fərzanə Sadiq vurğulayıb ki, avtomobil və dəmir yolu infrastrukturunun inkişafı regionda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində və İranın qonşu ölkələrlə əlaqələrinin gücləndirilməsində əsas rol oynayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz