Təmizlik tərbiyəsi


Tərbiyə hər yaşda var, 7-də də, 70-də də. Başqasını tərbiyə etmək özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin başqasına verdiyi tərbiyə əksər hallarda uğursuz olur.
Tərbiyə yanlışdan qaçmaqdır, doğruya yönəlməkdir. Tərbiyə özü ilə mübarizədir, özünənəzarətdir. Tərbiyə təmizlənməkdir, arınmaqdır. Tərbiyə saflaşmaqdır, gözəlləşməkdir...
Kim tərbiyənin gücünə inanmırsa, Allahın bildirdiklərinə etiraz etmiş olur. Xoşbəxtlik istəyən insan özünü hər an tərbiyə modeli içində tutmağı öyrənməlidir.
Bəzi xəstəliklərin və xarakterlərin irsi olduğunu inkar etmirik. İrsiyyətin rolu var, ancaq əksər hallarda tərbiyə onu yenidən şəkilləndirə, dizayn edə bilir. Əgər tərbiyə irsiyyətdən güclü olmasaydı, onda daha bu qədər təlimlərə, kitablara nə ehtiyac var idi ki?..

***

Uşaqların tərbiyəsi bəzi fikirlərə görə, ana bətnindən, bəzi fikirlərə görə də valideynin nikahından başlanır. Əslində hər ikisi eyni mənaya gəlir və hər ikisi doğrudur. Əsas olan odur ki, verilən tərbiyə doğru olsun.
Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən. Əgər irsiyyəti nəzərə almasaq, bu sözlə tam razılaşmaq olar. Ancaq bir məsələ də var ki, hər uşağın imkanları, potensialı eyni olmur.

***

Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı (elə ətrafımızı da) su ilə, sabunla, müxtəlif texniki vasitələrlə təmiz tutduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla, peşmanlıq hissi ilə, tövbə ilə təmizləməliyik. Özümüzdən başlamalıyıq ki, başqalarını da inandıra bilək, özümüzü tərbiyə etməliyik ki, başqalarını da tərbiyə edə bilək...

***

Elə isə mənəvi təmizlikdən başlayaq. Əgər bir ailədə valideynlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həyətdə həmin qonşu rast gələndə üzlərinə səmimiyyət maskası taxırlarsa, onların verdiyi tərbiyənin, dedikləri sözlərin müsbət mənada heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideyninin o qədər də səmimi olmadığını düşünəcək. Ola bilsin ki, bu gün üzə vurmayacaq, ancaq hər halda yenə öz düşündüyünü düşünəcək.

***

Etiraf, üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu, təkcə özünü deyil, həm də qarşı tərəfi tərbiyənin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, etirafdır, üzrxahlıqdır, dürüstlükdür, mərdlikdir, böyüklükdür... İnsan səhvində təkid edirsə, “Mən haqlıyam”, - deyirsə, qarşı tərəf ya ədəb göstərib söhbətdən çəkiləcək, ya da hücuma keçib, hər şeyi bir-bir sayıb tökəcək.

***

Mənəvi təmizlik və bu istiqamətdə tərbiyə söhbətini istədiyiniz qədər uzatmaq mümkündür, ancaq bircə onu vurğulamaq kifayətdir ki, başqasını tərbiyə özünütərbiyədən başlayır.
İndi də maddi təmizlik və bu istiqamətdə tərbiyədən danışaq. Maddi təmizlik tərbiyəsi, yuxarıda dediyimiz kimi, valideynlərin nikahından başlayır və sonra da mərhələlərlə davam edir. Körpənin yaxasından asılmış təmiz dəsmaldan tutmuş, onun yatağına döşənən mələfəyə qədər hər şeyin tərbiyəyə birbaşa dəxli var.
Təmizlik tərbiyəsi əslində kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan durdumu, düşündüyü ilk iş təmizlik olmalıdır. Bu cür məsələlərdə güzəştə getmək də doğru deyil. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçlarını daramaq, dırnaqlarını tutmaq, paltarlarını ütüləmək, ayaqqabılarını təmizləmək... bir sözlə, hər birisi təmizlik tərbiyəsinin müəyyən çalarlarını ifadə edir.

***

Bəzən ana canıyananlıq edərək uşağının görməli olduğu işləri öz boynuna götürür: onun yatağını yığışdırır, paltarını asır, ayaqqabısını təmizləyir və s...
Etiraf edək ki, fədakarlığı ilə xarakterizə olunan Azərbaycan anasının bu davranışları əksər hallarda uşağın təmizlik tərbiyəsinə pis təsir bağışlayır. Bəlkə də, bütün bunlar ana üçün çətin deyil, ancaq o çalışmalıdır ki, uşağı da bu vərdişə yiyələnsin, bir sözlə, təmizliyi özünün həyat standartına çevirsin.

***

Təkcə əl-üzün, üst-başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Əgər biri evinin zibilini süpürüb, insanların gəlib-getdiyi yola tökürsə, bu təmizlik yarımçıqdır, el arasında deyildiyi kimi, bığdan alıb saqqala qoymaqdır. Əsl təmizlik bir şəhərin, bir ölkənin, bütün dünyanın təmizliyini düşünməkdir.
Təmizlik gözəllikdir, insanlığın ən mühüm şərtlərindəndir. Təmiz olmaq və təmizliyi aşılamaq, ən əsası isə tərbiyə halına gətirmək bizim insanlıq borcumuzdur. Bütün gözəlliklərin örnəyi, ən mükəmməl insanlıq məktəbi olan Peyğəmbərimiz (s.ə.s.) heç sevmədiyi 4 xüsusiyyətdən birinin pintilik olduğunu bildiriir. Bu bilgi əslində bizə təmizliyin dinimizdə nə qədər həssas məsələ olduğunu ortaya qoyur. Bütün ibadətlər də əslində elə insanın mənən və cismən təmizlənməsi üçündür. Allah (c.c.) biz qullarını təmiz olaraq yaradır və bizə də təmiz olmağı öyrədir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top