
ABŞ Prezidenti Donald Tramp müharibələri dayandırmağı sevdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ASEAN sammitində iştirak etmək üçün səfər etdiyi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində deyib.
“O günü (Tailand və Kamboca liderlərinə zəng etdiyi günü) heç vaxt unutmayacağam. Çünki bu, mənim həllində iştirak etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən həzz alırdım. Mən bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddi məsələdir, ancaq mən bu işi yaxşı bacarıram və bunu etməyi sevirəm”, - Tramp qeyd edib.
Tramp həmçinin, bunu BMT-nin etməli olduğunu, lakin etmədiyini bildirib.
Qeyd edək ki, Tailand və Kamboca ASEAN sammiti çərçivəsində münasibətlərin normallaşdırılması ilə bağlı birgə bəyannamə imzalayıb. Tramp isə bunu sülh sazişi adlandırıb.
Xatırladaq ki, ASEAN 1967-ci ildə yaradılıb və Şərqi Timorun əlavə edilməsi ilə hazırda 11 Cənub-Şərqi Asiya ölkəsini birləşdirir: Bruney, Vyetnam, Şərqi Timor, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin. Assosiasiyanın ilk sammiti 1976-cı ildə keçirilib. 2025-ci ilin əvvəlindən ASEAN-a sədrlik rotasiya ilə Laosdan Malayziyaya keçib.
Tətbiqimizi yükləyə bilərsiniz