Kiyevə dron hücumu – Ölənlər var


Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçan aparatlarla hücum edib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.
Məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 29 nəfər yaralanıb.
“Artıq 29 yaralı var, onlardan yeddisi uşaqdır. Ən kiçiyinin dörd yaşı var”, - deyə Kiyev meri bildirib.
Onun sözlərinə görə, ikisi uşaq olmaqla, yeddi yaralı hazırda şəhər xəstəxanalarında müalicə olunur. Qalan yaralılar isə ambulator müalicə alırlar.
O, həmçinin, hücum nəticəsində infrastruktura ziyan dəydiyini əlavə edib.
“Dağıntılar doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinə düşüb. Bir neçə mənzil alovlanıb və yanğın dördüncü-yeddinci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb”, - Kliçko qeyd edib.
Şəhər meri eyni zamanda PUA qalıqlarının 16 mərtəbəli bir binaya düşdüyünü bildirib.
Digər tərəfdən, xilasedicilər Rusiyanın hücumundan sonra təcili bərpa əməliyyatlarını davam etdirirlər. Kiyev Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Pavlo Petrovun sözlərinə görə, dağıntılar altında heç kim yoxdur. Xilasedicilər təhlükəli dağıntıları aradan qaldırır və dağılmış mərtəbələr arasında xüsusi konstruksiyalar quraşdırır.
Bundan əlavə, Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, zərbələrdən sonra ilk dəqiqələrdə xilasedicilər ondan çox insanı yanğın təhlükəsindən xilas ediblər.
Nazir həmçinin bildirib ki, ölənlər arasında 19 yaşlı qız və onun 46 yaşlı anası var. Üçüncü cəsədin şəxsiyyətinin müəyyən edilməsi tələb olunur.







DİGƏR XƏBƏRLƏR

Top