
Parisdəki Luvr soyğununu 100-dən çox müstəntiq araşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Onların sayı 60-a yaxın idi, bu gün isə 100-dən çoxdur”, - Beko bildirib.
Onun sözlərinə görə, adi istintaqlarla müqayisədə 10 dəfə çox resurs ayrılıb.
İstintaqı şərh edərkən, o, cinayət yerində 150-dən çox DNT nümunəsi, barmaq izləri və digər materialların toplandığını bildirib.
Müstəntiqlər həmçinin cinayətkarların gizləndikləri yeri müəyyən etmək üçün onların qaçdığı marşrut boyunca şahidlərin ifadələrini və müşahidə kameralarının görüntülərini nəzərdən keçirməkdə davam edirlər.
Beko soyğunçuların koordinasiyalı hərəkət etdiklərini, eləcə də zinət əşyalarını heç bir zərər vermədən ələ keçirdiklərini bildirib.
Bununla belə, Beko onların təkrar cinayət törədənlər, yoxsa heç bir cinayəti olmayan və cinayətkar qrup tərəfindən istiqamətləndirilən şəxslər olduğunu söyləməkdə çətinlik çəkib.
“Bununla belə biz cinayətkar təşkilatın mövcudluğundan əminliklə danışa bilərik”, - Paris prokuroru qeyd edib.
Qeyd edək ki, oktyabrın 19-da dörd cinayətkar Luvr muzeyinə daxil olub. Onlar “Apollon” Qalereyasında vitrinlərdən doqquz zinət əşyası oğurlayıblar. Napoleon Bonaparta məxsus zinət əşyalarını və muzeydən digər qiymətli əşyaları oğurlamaq üçün oğrulara 7 dəqiqə vaxt lazım olub. Bu, Leonardo da Vinçinin şah əsəri olan "Mona Liza"nın oğurlandığı 1911-ci ildəki hadisədən bəri ən səs-küylü muzey soyğunudur.
Oğurlanan zinət əşyalarının qiyməti 88 milyon avro qiymətləndirilib. Digər tərəfdən, Fransa Mədəniyyət Nazirliyindən isə "Financial Times" qəzetinə bildirib ki, oğurlanan zinət əşyaları sığortalanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz