İrlandiyada yeni Prezident seçildi


Müstəqil solçu namizəd Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, səslərin hesablanması başa çatdıqdan sonra Konnolli 63,4% səs toplayıb.
Onun “Fayn Gel” partiyasından rəqibi, keçmiş nazir 62 yaşlı Hizer Hamfris səslərin 29,5%-ni əldə edib.
Seçicilərin 7,2%-i isə oktyabrın əvvəlində yarışdan geri çəkilən, ancaq adı seçki bülletenində qalan “Fianna Fayl” partiyasından 54 yaşlı Cim Qevinə səs verib.
Seçkilərdə seçici fəallığı 45,8% təşkil edib. Korlanmış bülletenlərin sayı təxminən 13% olub.
Nəşrin məlumatına görə, bu, İrlandiya vətəndaşlarının mövcud siyasi sistemə etirazı kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Konnollidən əvvəkli prezident Maykl D. Hiqqins 2011-ci ildən prezident vəzifəsini icra edir. O, 2018-ci ildə yenidən ikinci yeddi illik müddətə seçilib. Onun səlahiyyət müddəti noyabrın 11-də başa çatır.
İrlandiya parlamentli respublikadır, ona görə də, prezidentin funksiyaları əsasən fəxri xarakter daşıyır, baxmayaraq ki, o, həm də dövlət başçısı və İrlandiya Müdafiə Qüvvələrinin ali komandanıdır. Konnolli İrlandiyanın prezidenti seçilən üçüncü qadındır.
Xatırladaq ki, Konnolli 1957-ci il iyulun 12-də Qalvey şəhərinin ətrafında anadan olub. O, ixtisasca kliniki psixoloq və hüquqşünasdır, uzun illər vəkil və Qalveyin meri vəzifəsini icra edib. 2016-cı ildən İrlandiya parlamentinin - Nümayəndələr Palatasının deputatı, 2020-2024-cü illərdə isə parlamentin sədr müavini olub.

DİGƏR XƏBƏRLƏR

Top