Tailand və Kamboca sülh sazişi imzaladı


Tailand və Kambocanın baş nazirləri Anutin Çanvirakun və Xun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzalayıblar.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kuala-Lumpurda keçirilən sammiti çərçivəsində baş verib.
Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqkunun daha əvvəl bildirdiyi kimi, tərəflər sülh sazişi deyil, münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmaq məqsədi daşıyan birgə bəyannamə imzalayırlar.
Qeyd edək ki, iyulun 26-da Tramp Tailand və Kamboca arasındakı münaqişənin həllinə kömək etdiyini bildirmiş və çoxlarının qeyri-mümkün hesab etdiyi böyük sülh sazişinin milyonlarla insanın həyatını xilas edəcəyini vurğulamışdı. O, həmçinin Malayziya da daxil olmaqla Asiya ölkələrindən müşahidəçilər göndərərək, atəşkəs rejiminə nəzarət edəcəklərini açıqlamışdı.
Trampın sözlərinə görə, sazişə 18 Kambocalı hərbi əsirlərin azad edilməsi də daxildir. Saziş həmçinin ağır silahların çıxarılması, minalardan təmizlənməsi, transmilli cinayətlərlə mübarizə və sərhəd bölgələrinin, xüsusilə də Ban Nong Çan və Ban Nonq Yaa Keu rayonlarının idarə edilməsi maddələrini də əhatə edir.
Xatırladaq ki, Tailand və Kamboca arasında silahlı toqquşmalar iyulun 24-də Oddar Miençe əyalətinin mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verib. İyulun 29-u gecə yarısı isə Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top