Taylandda kraliça ana vəfat etdi − Bir illik matəm elan edildi


Tailandın ana-kraliçası Sirikit 93 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kral ailəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sirikit Banqkok xəstəxanasında dünyasını dəyişib. Əlavə edilib ki, ana-kraliça oktyabrın 17-də sepsis (qan infeksiyası) keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, sağalmayıb.
Xatırladaq ki, Tailandın bir sıra Qərb ölkələrində, o cümlədən Fransa və Böyük Britaniyada səfir vəzifəsində çalışmış diplomatın qızı Sirikit 1950-ci ilin aprelində gələcək kral Pumipon Adunyadetlə evlənib. Toydan az sonra Pumipon Adunyadet taxta çıxıb və IX Rama adı ilə tanınıb.
IX Rama 70 ildən çox taxtda olub, onun hakimiyyəti ölkə tarixində və dünyada ən uzun hakimiyyətlərdən biri olub. IX Rama 13 oktyabr 2016-cı ildə vəfat etdi. Yeni kral onun və Sirikitin oğlu, Rama X kimi padşahlıq edən Maha Vajiralonqkorndur.
Kraliça Ananın ölümü ilə əlaqədar Tailandın bütün hökumət binalarında dövlət bayrağı 30 gün ərzində yarıya endiriləcək, dövlət qulluqçuları isə bir il matəm elan edəcəklər. Kral ailəsi üçün də bir il matəm elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top