
Nişanlılar son günlərini sayırdılar. Bir ay sonra nikah mərasimləri olacaqdı. Hər ikisi yeni quracaqları bu ailənin bünövrəsini necə möhkəmləndirəcəklərini düşünürdülər. Gördükləri, tanıdıqları ailələrdə baş verən problemləri bir-bir nəzərdən keçirməyə başladılar:
- Evləndikdən bir qədər sonra hər şey adiləşir, həyəcanlar azalır.
- Tərəflər arasında etimadsızlıqdan irəli gələn şübhələr ortaya çıxır.
- Zaman keçdikcə fikirlər, düşüncələr toqquşmağa başlayır. Ailə ziddiyyətlər meydanına çevrilir.
- Acı sözlər, xoşagəlməz hərəkətlər sonradan unudulsa da, izləri qalır.
“Yoxsa biz də belə olacağıq?” - deyə nişanlılar bir-birilərindən soruşdular. Və sonra ikisi də dörd şeydə bir-birilərinə söz verdilər:
1. Nə olursa-olsun, bir-birimizə yalan danışmayacağıq;
2. Nə olursa-olsun, bir-birimizə etimadımızı itirməyəcəyik;
3. Nə olursa-olsun, bir-birimizə hörmətimizi azaltmayacağıq;
4. Nə olursa-olsun, bir-birimizdən heç nəyi gizlətməyəcəyik. Və bunu aramızda sirr kimi saxlayacağıq.
Bir ay sonra nişanlılar evləndilər. Sizcə, bu ailədə problemlər olmadımı? Əlbəttə ki, oldu. Mübahisə etdikləri, bir-birilərini incitdikləri vaxtlar da oldu. Ancaq heç vaxt bir-birilərinə yalan danışmadılar. Heç vaxt bir-biriləri haqqında şübhəyə düşmədilər. Heç vaxt bir-birilərinə hörmətlərini itirmədilər. Heç vaxt bir-birilərindən heç nəyi gizlətmədilər. Və verdikləri sözləri yerinə yetirdilər.
Eyni vaxtda evləndikləri dostları ilə üç il sonra görüşəndə o gün qəbul etdikləri qərarın nə qədər doğru olduğunu bir daha başa düşdülər. Çünki dostlarından biri boşanmaq ərəfəsində idi. O biri isə ailə həyatından o qədər də razı görünmürdü.
Ona görə də, əsas məsələ, problemi kəşf etmək yox, problemi həll etməkdir.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz