
ABŞ donanmasının 90-a qədər təyyarə daşıya bilən hərbi gəmisi “USS Gerald R Ford” Karib hövzəsinə göndərilib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro dünyanın ən böyük hərbi gəmisinin Karib hövzəsinə göndərilməsini “ABŞ-nin yeni müharibə hazırlığı” kimi qiymətləndirib.
Qeyd olunur ki, artıq ABŞ narkotik tacirlərinə qarşı müharibənin bir hissəsi olaraq bölgədəki gəmilərə 10 hava zərbəsi endirib.
ABŞ Prezidenti Donald Tramp Maduronu narkotik alveri ilə məşğul olan təşkilatın lideri olmaqda günahlandırıb. Maduro isə bunu inkar edir və ABŞ-nin addımlarını Trampın uzun müddətdir onu hakimiyyətdən uzaqlaşdırmağa çalışması ilə əlaqələndirir.
ABŞ Maduronu Venesuelanın qanuni lideri kimi tanımır. Buna əsas kimi isə 2024-cü ildə keçirilən son seçkilərdə baş verən qanunsuzluqlar göstərilir.
Qeyd edək ki, Tramp dəfələrlə Venesuelaya quru qoşunlarının yeridilməsi ilə bağlı məsələni gündəmə gətirib.
“Biz indi qurudan müdaxilə barədə fikirləşirik, çünki dəniz çox yaxşı nəzarət altındadır”, - o bu həftənin əvvəlində deyib.
Hərbi analitiklər qeyd edirlər ki, dənizdə narkotik vasitələrin ələ keçirilməsi ABŞ-nin hazırda regiona yerləşdirdiyi qüvvə qədər güc tələb etmir.
Digər tərəfdən, Venesuela regionun narkotik ticarətində digər ölkələrə nisbətən daha az rol oynayır.
Tətbiqimizi yükləyə bilərsiniz