Son 5 ildə minik avtomobillərinin idxalı 20 dəfəyə yaxın azalıb

Allahverdi Aydın

2016-cı ilin ilk 10 ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 14 milyard 153 milyon 697,8 min dollar olub. “Yeniavaz.az” Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 23,2% azalıb. İdxal əməliyyatları üzrə 6 milyard 957 milyon 998,8 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 6,6% azalıb), ixrac əməliyyatları üzrə 7 milyard 195 milyon 699 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 34,5% azalıb) ticarət həcmi qeydə alınıb. Yanvar-oktyabr aylarında saldo 237,7 milyon dollar olub.

Neft məhsullarının ixracı 2 dəfədən çox aşağı düşüb

Əvvəlki illərdə olduğu kimi cari ilin ilk 10 ayı ərzində də xarici ölkələrə ən çox xam neft idxal olunub. Hesabat dövrü ərzində xarici ölkələrə 5 milyard 149 milyon dollar dəyərində 17 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 71,5%-ni təşkil edib. Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında bu məhsulun ümumi ixracdakı payı 77,7% olub. Eyni zamanda ötən illə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 32,2%, miqdar ifadəsində isə 6,9% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 744,5 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə təbii qazın ixracı daha çox - 47% azalıb. Təbii qazdan sonra xarici ölkələrə ən çox neft məhsulları ixrac edilib ki, onu da dəyəri 312,6 milyon dollara bərabər olub. Neft məhsullarının ixracı da kəskin azalıb. 2015-cü ilin yanvar-oktyabr ayları ilə müqayisdə neft məhsullarının ixracı 2 dəfədən çox aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. Cari ilin ilk 10 ayı ərzində xarici ölkələrə 270,8 milyon dollar dəyərində meyvə-tərəvəz, 79,1 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 78 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 76,7 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 54 milyon dollarlıq şəkər, 50,2 milyon dollarlıq kimya sinayesi məhsulları, 19,6 milyon dollarlıq elektrik enerjisi, 15,9 milyon dollarlıq pambıq iplik satılıb.

Ötən illə müqayisədə buğda idxalı 9,4% azalıb

Bunlardan baqşqa 2016-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 1 milyard 71,9 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 234,3 milyon dolları buğdanın, 105,1 milyonu meyvə-tərəvəzin, 142,6 milyon dolları şəkərin, 113,6 milyon dolları isə yağların payına düşüb. Ötən illə müqayisədə buğda idxalı 9,4% azalıb, şəkər idxalı 47,4%, yağların idxalı 67,7%, meyvə-tərəvəzin idxalı isə 2,2 dəfə artıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 10 ayda müvafiq olaraq 132,3 və 160,7 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 2 dəfəyə yaxın, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 26,6% azalıb.

Avtomobil idxalı 5,6 dəfə azalaraq 19,8 min ədədə düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 4 min 349 ədəd avtomobil idxal olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 870 ədəd yaxud 5,6 dəfə azalma deməkdir. Hesabat dövründə avtomobil idxalının 86,8%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, ilin 10 ayı ərzində bu nəqliyyat vasitələri üzrə 3 min 775 ədəd idxal qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 5,7 dəfə, yaxud 17 min 722 ədəd azdır. Hesabat dövründə 419 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 1331 ədəd yaxud da 4,2 dəfə azalıb. İlin 10 ayı ərzində xüsusi təyinatlı motorluq nəqliyyat vasitələrinin idxalı 135 ədəd yaxud da 2,7 dəfə azalaraq 80 ədəd təşkil edib. Bu dövrdə 75 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub. Bu nəqliyyat vasitələrinin sayı 682 ədəd yaxud da 12 dəfə azalıb.

Məlumat üçün qeyd edək ki, ölkəyə gətirilən avtomobillərin sayı ilk dəfə 2012-ci ildə kəskin şəkildə artıb. Əgər 2011-ci ilin ilk 10 ayı ərzində ölkəyə 23 min ədəd minik avtomobili idxal olunubsa, 2012-ci ilin ilk 10 ayında bu göstərici 3,2 dəfə artaraq 74 min 855 ədədə yüksəlib. 2013-cü ilin ilk 10 ayında idxal olunan avtomobillərin sayı bir qədər də artaraq 76 min 956 ədədə çatıb. Sonrakı illərdə isə avtomobil idxalı yenidən azalmağa başlayıb. 2014-cü ilin yanvar-oktyabr aylarında minik avtomobillərinin idxalı 47 min 379 ədədə, 2015-ci ilin eyni dövründə 21 min 497 ədədə, bu ilin ilk 10 ayında isə qeyd etdiyimiz kimi 3 min 775 ədədə kimi geriləyib. Rəqəmlərdən də göründüyü kimi son 5 ildə minik avtomobillərinin idxalı 20 dəfəyə yaxın azalıb.

DİGƏR XƏBƏRLƏR

Top