
ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptovalyuta birjası “Binance”ın qurucusu Çanpen Çjaonu əfv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
WSJ-nin məlumatına görə, Tramp əfv fərmanını oktyabrın 22-də imzalayıb. Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, prezident Bayden administrasiyasının “kripto ilə müharibə” çərçivəsində təqib etdiyi Çjaonu əfv etməklə “konstitusion hüququndan istifadə edib”.
Nəşr qeyd edib ki, birjanın təsisçisinin əfv edilməsi, çox güman ki, kriptovalyutanın ABŞ bazarına qayıtmasına yol açacaq.
Xatırladaq ki, 2023-cü ildə “Binance” çirkli pulların yuyulması ilə mübarizə qaydalarını pozmaqda günahkar olduğunu etiraf etdikdən sonra onun ABŞ-dəki fəaliyyəti qadağan edildi. 2024-cü ilin mayında məhkəmə Çjaonu ABŞ-nin çirkli pulların yuyulmasına qarşı qanunlarını pozmaqda təqsirli bildikdən sonra onu 4 aylıq həbs cəzasına məhkum etdi. Prokurorların sözlərinə görə, “Binance” rəhbərliyi terrorizmin maliyyələşdirilməsi, uşaq pornoqrafiyası və digər qeyri-qanuni fəaliyyətlərlə bağlı əməliyyatlardan xəbərdar idi, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Şirkət rekord məbləğdə 4,3 milyard dollar cərimələndi və Ədliyyə Departamenti kriptovalyuta mübadiləsinə ciddi nəzarət tətbiq etdi. Təsisçi sentyabr ayında sərbəst buraxıldı.
Tətbiqimizi yükləyə bilərsiniz