
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
Qeyd edək ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır. Açıqlanan məlumatdan belə görünür ki, gələn ildən güzəşt müddəti uzadılmayacaq.
Qeyd edək ki, güzəşt tətbiq edildikdən sonra ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artım olub. Əgər 2021-ci ildə ölkəyə idxal olunan 91 min 194 ədəd avtomobilin 14,2%-i və ya 12 min 936 ədədi hibrid avtomobil olubsa, ötən il bu göstərici 28,5% və ya 26 min 197 ədədə yüksəlib. Bu ilin ilk 7 ayında isə artım daha böyük olub. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan 63 min 401 ədəd avtomobilin 47,3%-i və ya 29 min 958 ədədi hibrid avtomobil olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz