
Gələn ilin dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan vəsaitdə cüzi artım qeydə alınsa da, sahə daxilində xərclərin strukturunda ciddi dəyişikliklər baş verib.
Yeniavaz.com xəbər verir ki, ən böyük dəyişiklik İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitdəki 516 milyon manatlıq azalma ilə bağlıdır.
Qeyd edək ki, 2025-ci ildə səhiyyə xərcləri 1 milyard 993 milyon manat olduğu halda, 2026-cı ildə bu rəqəm 2 milyard 24 milyon manata yüksələcək. Artım 30,7 milyon manat (1,54%) təşkil edir.
Artımın böyük hissəsi poliklinikalar, proqram xərcləri və ambulator xidmətlər üzrə olub. Xəstəxanalar, qan xidməti və tədqiqatlar üzrə xərclər azalıb.
Ən diqqətçəkən dəyişiklik İcbari Tibbi Sığorta Fonduna ayrılan büdcə vəsaitində baş verib. 2025-ci ildə bu məbləğ 1 milyard 416 milyon manat olduğu halda, 2026-cı ildə 900 milyon manata enib. Bu, 36,4% azalma deməkdir.
Poliklinikalar və ambulatoriyalar üçün ayrılan büdcə vəsaiti 2025-ci ildə 18 milyon manat olduğu halda, 2026-cı ildə 20,2 milyon manata yüksəlib. Bu da təxminən 12,1% artım deməkdir.
Xəstəxanaların maliyyələşməsi 249,3 milyon manatdan 219,7 milyon manata enib. Bu, 29,6 milyon manat və ya 11,9% azalma deməkdir. Tətbiqi tədqiqatlara ayrılan vəsait isə 8 milyon manatdan 5,1 milyon manata endirilib.

Elnur Əli