
ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük enerji şirkətlərindən olan “Rosneft” və “Lukoil”ə, həmçinin onların 34 törəmə müəssisəsinə qarşı sanksiyalar elan edib (https://home.treasury.gov/news/press-releases/sb0290).
Yeniavaz.com xəbər verir ki, nazirliyin açıqlamasına görə, bu addım “Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi” səbəbindən atılıb.
Sanksiyalar çərçivəsində qeyd olunan şirkətlərin ABŞ-dəki aktivləri, eləcə də ABŞ vətəndaşlarının nəzarətində olan aktivləri dondurulub.
Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayılan məlumatda bildirilir ki, sanksiya siyahısına düşən müəssisələrin aktivlərinə çıxış tamamilə məhdudlaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp sosial media platforması “TruthSocial” üzərindən açıqlamasında bildirib:
“ABŞ Maliyyə Nazirliyi Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edir və Moskvanı dərhal atəşkəslə razılaşmağa çağırır”.
“Bloomberg” agentliyinin məlumatına görə, bu, Tramp administrasiyasının ilk dəfə Rusiyanın enerji sektoruna qarşı hərtərəfli bloklayıcı sanksiyalar tətbiq etməsidir. Sanksiyaların elanından sonra Brent markalı neftin qiyməti 63,33 dollardan 64 dollara yüksəlib. Analitiklər bu artımı “Rusiyadan tədarükün azalması təhlükəsi” ilə əlaqələndirirlər.
“Rosneft” və “Lukoil” Rusiyanın iki əsas neft istehsalçısıdır və ölkənin xam neft ixracının təxminən yarısını təmin edir. Neft və qaz sektorundan toplanan vergilər isə federal büdcənin təxminən dörddə birini təşkil edir.
Tramp, NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdə sanksiyaların “müvəqqəti ola biləcəyinə” ümid etdiyini deyib. Ukraynanın ABŞ-dəki səfiri Olha Stefanişina isə bu qərarı “Rusiya enerji sektoruna qarşı tarixi addım” kimi qiymətləndirib.
Qeyd edək ki, oktyabrın ortalarında Böyük Britaniya da eyni şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Aİ isə 19-cu sanksiya raundu çərçivəsində altı Rusiya bankına və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Yeni paketdə neft ticarətinə dair əlavə məhdudiyyətlərin də nəzərdə tutulduğu bildirilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz