Tramp raketlərlə bağlı xəbəri təkzib edib


ABŞ Prezidenti Donald Tramp “Wall Street Journal” qəzetinin ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməyə icazə verdiyi barədə xəbərini yalan adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp sosial media platforması “TruthSocial”da paylaşım edərək bildirib ki, ABŞ-nin nə bu raketlərin tədarükündə, nə də onların Ukrayna tərəfindən istifadəsində hər hansı rolu yoxdur.
“ABŞ-nin bu raketlərlə heç bir əlaqəsi yoxdur, onlar haradan gəlirlərsə və Ukrayna onlarla nə edirsə etsin”, – deyə o qeyd edib.
Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı da Tramp həmin xəbəri “saxtakarlıq” adlandırıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna hazırda ABŞ istehsalı olmayan, Avropa və ya digər ölkələrin raketlərindən istifadə edir:
“Bizim raketlər buraxılmır. Mən yalnız bizim raketlərimizə nəzarət edirəm”.
Tramp əlavə edib ki, hələlik Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri vermək niyyətində deyil. Onun sözlərinə görə, ukraynalı hərbçilərin bu raketlərdən istifadə etməyi öyrənməsi üçün ən azı altı ay vaxt lazımdır.
Xatırladaq ki, “The Wall Street Journal” oktyabrın 22-də yazmışdı ki, Tramp administrasiyası Ukraynanın Qərb ölkələrinin təqdim etdiyi uzaqmənzilli raketlərdən Rusiyaya qarşı istifadə etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bundan öncə Rusiya Prezidenti Vladimir Putin belə bir addımın “Rusiya ilə Qərb arasında eskalasiyanın yeni mərhələsini” başlada biləcəyini bildirib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top