
Azərbaycanda qoz əsasən sentyabrın ortalarına kimi yığılır.
Yeniavaz.com xəbər verir ki, qoz ağacının meyvəsi tam yetişdikdən sonra yaşıl qabığından ayrılır.
Buna görə də oktyabr ayında “təzə” və “yaş” qoz adı ilə satılan məhsulların əslində təzə olması mümkün deyil. Mütəxəssislər bildirirlər ki, küçə satıcılarının “təzə qoz” kimi təqdim etdikləri məhsullar əksər hallarda suda saxlanılan, çəkisi süni şəkildə artırılan qozlardır.
Satıcılar bu üsulla həm qozun parlaq görünüşünü bərpa edir, həm də nəm çəkdiyinə görə çəkisini artıraraq daha çox qazanc əldə edirlər. Ancaq bu “fənd” alıcıların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, qoz uzun müddət suda qaldıqda onun tərkibindəki yağ turşuları oksidləşir, qidalılıq dəyəri azalır və mikroorqanizmlər üçün əlverişli mühit yaranır. Nəticədə belə qozlarda kif, bakteriya və göbələk toksinləri əmələ gəlir. Bu maddələr insan orqanizminə daxil olduqda mədə-bağırsaq pozğunluqları, ürəkbulanma, ishal və qusma, qaraciyər və böyrək zədələnmələri, allergik reaksiyalar və dəri səpgiləri kimi fəsadlara səbəb ola bilər.
Bundan əlavə, suda saxlanılan qozların çoxu küçə şəraitində, açıq havada, çirkli su ilə hazırlanır. Belə şəraitdə məhsul bağırsaq çöpləri, “e. coli” və digər xəstəlik törədici bakteriyalarla çirklənə bilər.
Mütəxəssislər bildirirlər ki, oktyabr ayında “təzə qoz” adı ilə satılan məhsullara inanmayın – bu, bioloji baxımdan mümkün deyil. Qoz alarkən qabığında ləkə, nəm qoxusu və ya yumşaqlıq hiss olunarsa, onu qəbul etməyin. Qozu etibarlı mənbələrdən almağa çalışın.
Elnur Əli