
“Warner Bros. Discovery” media şirkəti səhmdarlarının gəlirini maksimuma çatdırmaq üçün müxtəlif variantları araşdırdığını bildirib.
Yeniavaz.com media şirkətinin saytına istinadla xəbər verir ki, ehtimal olunan variantlar arasında 2026-cı ilin ortalarına qədər iki şirkətə bölünmək, bütün şirkəti satmaq və ya şirkətin ayrı-ayrı hissələrini, yəni “Warner Bros.” və ya “Discovery”ni satmaq var.
“Warner Bros. Discovery” adları açıqlanmayan tərəflərdən bir neçə təklif aldığını da bəyan edib.
Bunun ardınca şirkət biznesinin hamısını və ya bir hissəsini satmaq planlarını rəsmi olaraq elan etmək qərarına gəlib.
Bu bəyanatdan sonra “Warner Bros. Discovery”nin səhmlərinin qiyməti 10% artıb.
Qeyd edək ki, “Warner Bros. Discovery” 2022-ci ildə “WarnerMedia”nın AT&T-dən ayrılması və “Discovery Inc”lə birləşməsi nəticəsində yaranıb. “Paramount” bu yaxınlarda “Warner Bros. Discovery” üçün təklif verib. Bununla belə, qeyri-rəsmi məlumatlara görə, “Warner Bros. Discovery” “Paramount”un təklifini çox aşağı hesab edərək müqaviləni rədd edib.