
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.
Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 59 sent (1 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan “Aİ-92” markalı benzini 3 ölkədən – Rusiya, Rumıniya və Belarusdan idxal edib:
- Rusiyadan – 64 min 834,5 ton (1 litri – 98 qəpik);
- Rumıniyadan – 3 670 ton (1 litri – 1 manat 5 qəpik);
- Belarusdan – 14 min 496,9 ton (1 litri – 1 manat 13 qəpik).
Qeyd edək ki, Azərbaycan “Aİ-92” markalı benzini həm də ixrac edib. Belə ki, Azərbaycan bu ilin ilk 8 ayında 3 ölkəyə – Türkiyə, Əfqanıstan və Gürcüsatana “Aİ-92” markalı benzin satıb:
- Türkiyəyə – 3 min 65,7 ton (1 litri – 70 qəpik);
- Əfqanıstana – 2 min 297,7 ton (1 litri – 92 qəpik);
- Gürcüstana – 1 093,6 ton (1 litri – 95 qəpik).
Onu da qeyd edək ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin topdansatış tarifi bir litr üçün 98 qəpiyə, pərakəndə satış tarifi isə bir litr üçün 1,10 manata qaldırılıb.
Elnur Əli