
ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə Riçard Nikson Fondu tərəfindən təsis edilmiş “Sülh Memarı” Mükafatını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Riçard Niksona bənzəyən heykəlciyi Trampa Nikson ailəsinin üzvlərinin iştirakı ilə fondun direktorlar şurasının sədri, prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayen təqdim edib.
Fond mükafatı elan edən rəsmi bəyanatında qeyd edib ki, mükafat Trampa “atəşkəs və onun vasitəçilik etdiyi sülh razılaşmalarına görə” verilib.
Bəyanatda konkret olaraq Qəzza sülh sazişi, Azərbaycan və Ermənistan, Hindistan və Pakistan, Ruanda və Konqo, Tailand və Kamboca arasında münaqişələrin həlli üzrə aparılan danışıqlardan bəhs edilib.
Bəyanatda Trampın “Rusiya və Ukrayna arasında davamlı sülhün bərqərar olması” səyləri də xüsusi qeyd edilib.
Qeyde edək ki, Riçard Nikson Fondu 1983-cü ildə ABŞ-nin 37-ci prezidenti tərəfindən təsis edilib. Fond tərəfindən 1995-ci ildə təsis edilən “Sülh Memarı” Mükafatına əvvəllər iki dəfə (1996 və 2022-ci illərdə) ABŞ-nin keçmiş Dövlət Katibi və Milli Təhlükəsizlik müşaviri Henri Kissincer, Sinqapurun birinci Baş naziri Li Kuan Yu (1997), ABŞ-nin 41-ci prezidenti böyük Corc Buş (2000) və bir sıra digər Amerika, həmçinin, xarici ictimai və siyasi xadimləri layiq görülüb.
