
Britaniya Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığı dərinləşdirmək üçün “Heyət Təhrir əş-Şam”ı terror təşkilatları siyahısından çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər və Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Hökumətin “Heyət Təhrir əş-Şam”ı qadağan olunmuş terror təşkilatları siyahısından çıxarmaq qərarı Suriyanın yeni hökuməti ilə daha sıx əlaqələri asanlaşdıracaq və Böyük Britaniyanın həm xarici, həm də daxili siyasətində - terrorla mübarizədən tutmuş miqrasiya və kimyəvi silahların ləğvinə qədər prioritetlərini dəstəkləyəcək”, - deyə bəyanatda qeyd edilib.
Londonun da vurğuladığı kimi, ABŞ-nin iyul ayında atdığı oxşar addımı əks etdirən qərar, təşkilata üzvlük üçün cinayət məsuliyyəti və ona dəstək çağırışları da daxil olmaqla 2000-ci il Terror Aktının qadağan müddəalarının artıq “Heyət Təhrir əş-Şam”a şamil edilməyəcəyi mənasını ifadə edir.
Qeyd edək ki, Böyük Britaniya və Suriya arasında münasibətlər 2011-ci ildə Ərəb Respublikasında vətəndaş müharibəsinin başlamasından sonra kəskin şəkildə pisləşib. Bu münaqişədə London silahlı müxalifətin tərəfinə keçdi. 2012-ci ilin yanvarında Krallıq diplomatlarını Dəməşqdən təxliyə edib.
Xatırladaq ki, bu ilin mart ayından Böyük Britaniya Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayıb. Konkret olaraq, bir sıra banklara, o cümlədən mərkəzi banka, eləcə də neft şirkətlərinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. London daha sonra təhlükəsizlik agentliklərini və yerli medianı sanksiyalar siyahısından çıxarıb.