
Birləşmiş Krallıq Birləşmiş Ştatların xahişi ilə Qəzza zolağında atəşkəs rejiminə nəzarət etmək üçün İsrailə yüksək rütbəli zabit və kiçik bir qoşun kontingentini göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Telekanalın məlumatına görə, müdafiə naziri Con Healey oktyabrın 20-də axşam Londonda iş adamlarına müdafiə məsələləri ilə bağlı mühazirə oxuduqdan sonra bu barədə məlumat verib.
Adı açıqlanmayan britaniyalı zabit Misir, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan hərbçilərin də daxil olacağı gözlənilən mülki-hərbi koordinasiya mərkəzinə rəhbərlik etmək vəzifəsi daşıyan amerikalı komandirin müavini vəzifəsində çalışacaq.
Qeyd edilib ki, ABŞ isə öz növbəsində İsrailə 200-ə qədər əsgər göndərəcək; onlar Qəzza zolağına girməyəcəklər.
Nəşr xatırladıb ki, oktyabrın əvvəlində ölkənin Xarici İşlər Naziri İvett Kuper bəyan edib ki, Böyük Britaniyanın İsrailə qoşun göndərmək planı yoxdur.
Son günlər İsrail və HƏMAS bir-birini atəşkəsi pozmaqda ittiham edib. Ötən həftə sonu İsrail əsgərlərinin hücuma məruz qaldığı bildiriləndən sonra İsrail qısa müddətə hava hücumlarını bərpa edib. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi oktyabrın 20-də bildirib ki, son 24 saat ərzində 50-dən çox insan həlak olub.