
Xəbər verdiyimiz kimi, Yaponiya tarixində ilk dəfə bir qadın – Sanae Takaiçi baş nazir vəzifəsinə seçilib.
Yeniavaz.com xəbər verir ki, o, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi parlamentdə səs çoxluğu toplayaraq bu vəzifəyə təsdiqlənib.
Qeyd edək ki, bu hadisə Yaponiyada gender bərabərliyinin zəif olduğu bir dövrdə baş verdiyi üçün tarixi hadisə kimi qiymətləndirilir. Yaponiya uzun illərdir gender bərabərliyi sahəsində geridə qalan ölkələrdən biridir. 2025-ci ildə Dünya İqtisadi Forumunun Gender Bərabərliyi İndeksində Yaponiya 148 ölkə arasında 118-ci yeri tutub. Qadınların hökumətdə təmsilçiliyi son illərdə daha da azalıb – 2024-cü ildə 25% olan göstərici 2025-ci ildə cəmi 10%-ə düşüb. Buna görə də qadının baş nazir seçilməsi ölkə üçün böyük bir dönüş nöqtəsi hesab olunur.
Məlumat üçün bildirək ki, Sanae Takaiçi 1961-ci ildə Nara şəhərində anadan olub. O, zəngin ailədən gəlmir – atası avtomobil satıcısı, anası isə polis əməkdaşı olub. Gəncliyində musiqi ilə maraqlanıb, hətta ağır metal qrupunda nağara çalıb.
1984-cü ildə Kobe Universitetinin Biznes fakültəsini bitirib, sonra Matsushita Dövlət İdarəçilik İnstitutunda təhsil alıb. Bir müddət Vaşinqtonda jurnalist kimi çalışıb və ABŞ-də feminist siyasətçi Patrikia Şroederin ofisində təcrübə keçib.
1993-cü ildə siyasətə qoşulan Takaiçi qısa müddətdə Yaponiyanın sabiq baş naziri Şinzo Abenin yaxın müttəfiqlərindən birinə çevrilib. O, müxtəlif illərdə daxili işlər və rabitə naziri, iqtisadiyyat və ticarət üzrə nazir müavini, eləcə də beynəlxalq ticarət məsələləri üzrə dövlət katibi kimi vəzifələrdə çalışıb.
Sanae Takaiçi mühafizəkar baxışları ilə tanınır. O, Yaponiyanın müdafiə gücünün artırılmasını, ənənəvi dəyərlərin qorunmasını və immiqrasiyanın məhdudlaşdırılmasını dəstəkləyir. Onun fikrincə, Yaponiya “öz milli kimliyini və qürurunu” qorumağa borcludur.
Buna baxmayaraq, Takaiçi özünü feminist hesab etmir. O, qadın xətti ilə imperator taxtına varisliyin əleyhinədir və eynicinsli nikahların leqallaşdırılmasına qarşı çıxır. Lakin o, qadınların səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdırmaq və dövlət idarələrində qadınların sayını artırmaq niyyətində olduğunu deyib.
Takaiçi dəfələrlə mübahisəli çıxışları və sağçı dairələrlə əlaqədə olması səbəbindən tənqid edilib. Keçmiş baş nazir Fumio Kişida onu zarafatla “Taliban Takaiçi” adlandırıb.
Yeni baş nazirin iqtisadi planı dövlət sərmayəsini artırmaq, infrastruktura və texnologiyalara diqqət yönəltmək, sahibkarlara vergi güzəştləri vermək və kreditləşməni asanlaşdırmaq kimi tədbirləri əhatə edir.
Müdafiə sahəsində isə Takaiçi daha radikal addımlar atmağı planlaşdırır. O, Yaponiya Konstitusiyasının 9-cu maddəsinə yenidən baxılmasını və Özünümüdafiə Qüvvələrinin tam hüquqlu orduya çevrilməsini təklif edir. Ekspertlərin fikrincə, bu addım ölkədə və regionda ciddi müzakirələrə səbəb ola bilər.
Yaponiyanın yeni lideri ABŞ ilə əlaqələrə sadiq qalacağını bildirib. O, Çin və Şimali Koreyadan gələn təhlükələrə qarşı Vaşinqtonla əməkdaşlığın davam etdirilməsini vacib sayır. Ekspertlər hesab edirlər ki, Takaiçi millətçi ritorikaya baxmayaraq, Yaponiyanın xarici siyasət kursunu əsaslı şəkildə dəyişməyəcək.
Yaponiya cəmiyyətində qadınların iş və ailə həyatında hələ də ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Qadınlar eyni iş üçün kişilərdən orta hesabla 20-30% az maaş alır, rəhbər vəzifələrdə isə çox nadir hallarda təmsil olunurlar. Bu səbəbdən ekspertlər Sanae Takaiçinin seçilməsini simvolik, amma hələ tam bərabərliyə aparmayan bir addım kimi qiymətləndirirlər.
Murad Məmmədov