
Bu ilin yanvarında Donald Tramp prezidentliyə başlayandan bəri 515 mindən çox sənədsiz miqrant ABŞ-dan deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflinə istinadla “Fox News” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Trampın prezident kimi birinci ilinin sonuna (2026-cı il yanvarın 20-nə) qədər deportasiya edilənlərin sayının rekord həddə - 600 minə çatacağı gözlənilir.
Maklaflin qeyd edib ki, ilin əvvəlindən ümumilikdə 2 milyondan çox miqrant ABŞ-ni tərk edib, onlardan təxminən 1,6 milyonu öz istəyi ilə gedib.
Qeyd edək ki, Tramp dəfələrlə daha sərt miqrasiya siyasətinin tərəfdarı olub. O, Amerika tarixində sənədsiz miqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan edib.