
Banska Bistritsa (mərkəzi Slovakiya) İxtisaslaşdırılmış Cinayət Məhkəməsi 72 yaşlı təqaüdçü, yazıçı Yuray Tsintulanı 2024-cü il mayın 15-də baş nazir Robert Fitsoya sui-qəsd cəhdinə görə 21 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Markiza2 telekanalı məlumat yayıb.
Yuray Tsintula terrorizmdə təqsirli bilinib. O, Handlova şəhərində (Slovakiyanın qərbi) Slovakiya hökumətinin başçısına sui-qəsd cəhdi edib. Baş nazir bir neçə güllə yarası alıb, bir sıra əməliyyatlar keçirib və yalnız iki ay yarım sonra vəzifəsinə qayıdıb. Həkimlər Fitsonun möcüzə nəticəsində sağ qaldığını bildiriblər.
Qeyd edək ki, Tsintulanın məhkəməsi iyulun 8-də başlayıb. Fitso məhkəmə iclaslarında iştirak etməyib. O, ötən ilin iyulunda ifadə verib və hakimlər bu səs yazısını dinləyiblər.
Tsintula məhkəmədə ifadəsində 15 may 2024-cü ildə ağır psixoloji stress altında olduğunu bildirib. O, hərəkətlərini Fitsonun siyasətləri ilə razılaşmadığının ifadəsi kimi izah edib. Tsintula baş nazirin antikorrupsiya qanunvericiliyini zəiflətməsindən və Rusiyanın müharibə aparmasına haqq qazandırmasından narazı olub.
Xatırladaq ki, Fitso 2023-cü ilin oktyabrında dördüncü dəfə Slovakiyanın baş naziri seçilib. O, Avropanın Ukraynaya hərbi yardımının əleyhinədir.