Sarkozi həbsxanaya göndərildi


Fransanın keçmiş prezidenti Nikola Sarkozi (2007-2012) 5 illik həbs cəzasını çəkmək üçün Parisdə yerləşən Sante həbsxanasına yerləşdirilib.  
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, həbsxanaya aparılmazdan əvvəl onu evi qarşısında jurnalistlər və “Nikola! Nikola!” qışqıran bir kütlə qarşılayıb.
Sabiq prezidenti vəkilləri müşayiət edib.
Beləliklə, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olub.
Belə ki, sentyabrın 25-də keçmiş dövlət başçısı “cinayətkar qruplaşmada şəriklik”də təqsirli bilinib. Lakin Sarkozi dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiyada iştirak etmək ittihamlarından bəraət alıb.
Məhkəmə Sarkozini 5 il həbs cəzasına məhkum edib. O, cəzasını ciddi rejimli kamerada çəkəcək.
Qeyd edək ki, həbsxanada ona ilk prosedur olaraq, məhbus təlimatları və həbsxananın daxili qaydaları haqqında məlumat veriləcək. Daha sonra o, qeydiyyat şöbəsindən keçəcək, burada şəxsi məlumatları yoxlanılacaq. Qeydiyyat şöbəsində ona saxlanmasının səbəbi xatırladılacaq. Bundan sonra Sarkozinin barmaq izi alınacaq və şəkli çəkiləcək. Daha sonra ona həbsxana nömrəsi veriləcək. Keçmiş dövlət başçısı daha sonra şəxsiyyət vəsiqəsini və qadağan olunmuş əşyalarını təhvil verəcək. Ona yalnız nikah üzüyü, saatı və dini əşyalarını saxlamağa icazə veriləcək.
Digər tərəfdən, “Le Figaro” nəşrinə müsahibəsində Sarkozi özü ilə həbsxanaya iki kitab aparacağını deyib: Aleksandr Dümanın ikicildlik “Qraf Monte Kristo” və Jan Kristian Ptifisin “İsa: Məsihin həyatı”.
Xatırladaq ki, bu günə qədər Sante həbsxanasındakı ən məşhur məhbus Almaniyanın xeyrinə haqsız olaraq vətənə xəyanətdə ittiham olunan fransız zabiti Alfred Dreyfus olub. O, 1895-ci ilin əvvəlində Fransız Qvianasına ağır əməyə göndərilməmişdən əvvəl orada saxlanılıb. Sonradan o, bəraət alıb və orduya qayıdıb. 2025-ci ildə Fransa parlamenti kapitan Dreyfusun ölümündən sonra briqada generalı rütbəsinə yüksəldilməsinə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top