
Azərbaycanda iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 438 min 784 baş olub.
Qeyd edək ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.
İribuynuzlu mal-qaranın 1 milyon 217 min 982-si inək və camışlar olub və onların da sayı son bir ildə 1,4 faiz azalıb. Qoyun və keçilərin sayı isə 6 milyon 763 min 682 baş təşkil edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz az olub. Donuzların sayı isə 3 min 167 baş olub və əvvəlki ilə nisbətən 18,4 faiz aşağı düşüb.
Heyvandarlıq məhsullarının istehsalına gəldikdə, hesabat dövründə diri çəkidə ət istehsalı 434 min 280 ton olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb. Süd istehsalı 1 milyon 699 min 108 ton təşkil edib (artım 0,3 faiz), yumurta istehsalı isə 1 milyard 789 milyon 436 min ədədə çataraq 1,9 faiz artım qeydə alınıb. Bununla yanaşı, yun istehsalı 14 min 600 ton olub və 1,3 faiz azalma baş verib.
Kənd təsərrüfatı müəssisələri üzrə quşların sayı da artıb. Bu ilin yanvar-sentyabr aylarında quşların ümumi sayı 10 milyon 721 min 472 baş təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxdur. Quşçuluq təsərrüfatında kəsilmək üçün 56 min 361 ton diri çəkidə quş satılıb.
Bu müəssisələr üzrə 880 milyon 274 min ədəd yumurta istehsal edilib və 3,3 faiz artım qeydə alınıb.
Hər yumurtlayan toyuqdan orta hesabla 180 ədəd yumurta alınıb (artım 2,3 faiz). Ümumilikdə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında quşçuluq təsərrüfatında quşların sayı 10 milyon 541 min 852 baş olub və onlardan 4 milyon 643 min 608-i yumurtlayan toyuqlardır. Yumurtlayan toyuqların sayı son bir ildə 2,4 faiz azalıb.
Fəridə Əsədzadə