
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında son bir neçə gündür hazırlıq mərhələsində olan görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.
Bununla belə, telekanal qeyd edir ki, görüşün niyə bu həftə baş tutmayacağı hələ də aydın deyil.
CNN mənbələrinin məlumatına görə, Lavrov və Rubio Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı razılığa gələ bilmirlər.
Bundan başqa, mənbələrin sözlərinə görə, onların görüşünün qeyri-müəyyən müddətə təxirə salınmasının son nəticədə Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Budapeştdə keçiriləcək danışıqlara necə təsir edəcəyi məlum deyil.
CNN xəbər verir ki, iki xarici işlər naziri arasında telefon danışığından sonra Amerika rəsmiləri Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyi qənaətinə gəliblər.
Mənbənin sözlərinə görə, dövlət katibi çətin ki, gələn həftə Putinlə Tramp arasında görüş keçirməyi tövsiyə etsin, lakin Rubio və Lavrov bu həftə yenidən telefonla danışa bilər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin oktyabrın 20-də verdiyi məlumata görə, Lavrov və Rubio Putinin oktyabrın 16-da Trampla telefon danışığı zamanı əldə olunan anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları müzakirə ediblər. Telefon danışığından sonra Amerika lideri tezliklə Budapeştdə görüşmək barədə razılığa gəldiklərini bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Moskva və Vaşinqtonun liderlər arasında Macarıstan paytaxtında keçiriləcək yeni görüşə hazırlaşmağa başlayacaqlarını qeyd edib.