
Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.
Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda kirayəyə verilən ən ucuz 1 otaqlı mənzillərdən biri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir.
Cəmi 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 250 manat təşkil edir. Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəli şəxslərə kirayəyə verilir.
Bakıda kirayə verilən ən bahalı 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 7 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 50 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 7 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
2 otaqlı mənzillər arasında da kirayə qiymətlərində fərqlər müşahidə olunur.
Ən ucuz 2 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 6 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 60 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 350 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəyə verilir.
Ən bahalı 2 otaqlı mənzil isə yenə də Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindədir. Cəmi 75 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
Oxşar vəziyyət 3 otaqlı mənzillərdə də nəzərə çarpır.
Ən ucuz 3 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. 73 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 300 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, ailələrə və xanımlara kirayə verilir.
Ən bahalı 3 otaqlı mənzil isə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” yaşayış kompleksində, 8 mərtəbəli binanın 6-cı mərtəbəsindədir. 140 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
Fəridə Əsədzadə