
İspaniyanın “Barselona” klubu Avropa Super Liqa layihəsindən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubın prezidenti Joan Laporta bildirib.
“Səbəblər sadədir. Biz Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə Super Liqa arasında əlaqə qurmaq üçün çalışırıq. Çünki format dəyişikliyi ilə Çempionlar Liqasının ümumi formasında yaxşılaşma müşahidə edirik ki, bu da gəlirin 20% artması deməkdir. Biz Super Liqa layihəsini dəstəkləyirdik, lakin UEFA daxilində müsbət dinamikanı gördükdən sonra UEFA-nın bir çox ideyalarına üstünlük verməliyik. Super Liqa daxilində yarışların idarə olunması və təşkil edilməsi məsələsi istisna olmaqla, Super Liqa çərçivəsindəki təkliflər UEFA tərəfindən qəbul edildi”, - deyə Laporta qeyd edib.
“Turnir sisteminin özünə gəlincə, əgər inkişafa ehtiyac varsa, Avropa Klublar Assosiasiyası çərçivəsində təkmilləşdirilə bilər. Super Liqanın irəli sürdüyü “Unify” platforması da var. UEFA bunu öyrənməyə açıqdır və effektiv olsa, onu qəbul edəcək. Biz razılıq əldə oluna biləcəyinə inanırıq və bizə aydındır ki, bizim üçün ən yaxşı yer UEFA daxilindədir”, - o əlavə edib.
Qeyd edək ki, Super Liqa layihəsi 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu (“Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal” (İngiltərə), “Barselona”, “Atletiko” və “Real Madrid” (İspaniya), “Milan”, “İnter” və “Yuventus” (İtaliya)) tərəfindən elan edilmişdi.
Hazırda bu layihədə yalnız “Real Madrid”, “Barselona” və “Yuventus” qalıb.