
Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 9 milyard 181,7 milyon manat istehlak krediti verilib.
Yeniavaz.com xəbər verir ki, banklar tərəfindən verilən istehlak kreditlərinin yarıdan çoxu – 5 milyard 130 milyon manatı 2 bankın – “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankının (ABB) payına düşüb.
Ən çox istehlak krediti verən bank “Kapital Bank” olub. Belə ki, bu bank 1 oktyabr tarixinə kimi 3 milyard 131,8 milyon manat istehlak krediti verib və bu göstərici son 3 ayda 2,7% artıb.
Ən az istehlak krediti verən bank isə Azərbaycan Sənaye bankı (ASB) olub. Bu bank cəmi 7,7 milyon manat istehlak krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda istehlak kreditlərini ən çox artıran bank “AFB Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 49% artıb. İstehlak kreditləri ən çox azalan bank isə “Paşa Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 38,1% azalıb.
Onu da bildirək ki, son 3 ayda istehlak kreditləri azalan cəmi 2 bank olub – “Paşa Bank” və “Xalq Bank” (4,7%).
Elnur Əli