“Crocus City Hall” terrorunda təqsirləndirilən şəxs saxta Rusiya pasportundan istifadə edib


“Crocus City Hall”da terror aktını törədənləri silahla təmin edən şəxslərdən biri cinayət işi üzrə tutulmazdan əvvəl saxta Rusiya pasportundan istifadə edərək Rusiyanın müxtəlif regionlarında polis yoxlamalarından yayınmağa nail olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyinə İkinci Qərb Dairə Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesinin iştirakçısı məlumat verib.
“Məhkəmədə işin yazılı materialları ilə tanışlıq zamanı məlum olub ki, təqsirləndirilən şəxslərdən biri Rusiya ərazisində səyahət etmək üçün dəfələrlə saxta Rusiya pasportundan istifadə edib. Bu, ona polis və digər hüquq-mühafizə orqanlarının yoxlamalarından yayınmağa imkan verib”, – mənbə bildirib.
Lakin mənbə, məhz hansı müttəhimlərin saxta sənədlərdən istifadə etdiyini dəqiqləşdirməyib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2023-cü ilin noyabrından 2024-cü il martın 16-dək qanunsuz olaraq ən azı iki “Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və döyüş sursatı əldə edib, daşıyıb və saxlayıblar. 2024-cü il martın 24-dən 27-dək “Crocus City Hall” hücumundan sonra Soliyev, İsmayılov və Qadoyev əldəqayırma partlayıcı qurğu hazırlayıblar və sənədlərə əsasən, Dağıstanın Kaspiysk şəhərində yeni terror aktı törətməyi planlaşdırıblar.
Təqsirləndirilən şəxslərə qarşı doqquz cinayət işi başlanıb və bir icraata birləşdirilib. Onlara Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (terror aktına hazırlıq), 205.5-ci maddənin 2-ci hissəsi (terror təşkilatında iştirak), 222-ci maddənin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən silahın qanunsuz dövriyyəsi) və 223.1-ci maddənin 3-cü hissəsi (partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanması) ilə ittiham irəli sürülüb.
İstintaq müəyyən edib ki, bu şəxslər 2014-cü il dekabrın 29-da Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən terrorçu elan edilmiş və ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “İslam Dövləti” terror təşkilatının “Vilayət Xorasan” adlı strukturuna 2023-cü ilin noyabr ayından gec olmayaraq qoşulublar.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən, azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” binasında terror aktı törədilib. Nəticədə altısı uşaq olmaqla 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Hadisə ilə bağlı ümumilikdə 27 nəfər, o cümlədən birbaşa cinayəti törədən dörd şəxs ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top