
Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna iki qarşılaşma ilə yekun vurulacaq.
Yeniavaz.com xəbər verir ki, ilk oyun "Bank Respublika Arena"da keçiriləcək. Saat 16:00-da start götürəcək görüşdə “Sabah” öz meydanında “Zirə”ni sınağa çəkəcək. Turnir cədvəlində 13 xalla beşinci pillədə qərarlaşan “Zirə” altıncı yerdəki 11 xallı “Sabah”la üz-üzə gələcək.
Günün ikinci qarşılaşması saat 18:30-da “Palms Sports Arena”da başlayacaq. “Neftçi” doğma azarkeşləri önündə “Araz-Naxçıvan”ı qəbul edəcək. Naxçıvan təmsilçisi 14 xalla dördüncü, “ağ-qaralar” isə 8 xalla doqquzuncu sırada yer alır.
Hakim təyinatlarına gəlincə, “Sabah” – “Zirə” matçını Cavid Cəlilov idarə edəcək. Ona Kamran Bayramov, Müslüm Əliyev və Emin Əliyev kömək göstərəcək. VAR sistemi Rauf Cabarovun nəzarətində olacaq, AVAR hakimi isə Eyyub İbrahimovdur.
“Neftçi” – “Araz-Naxçıvan” görüşündə əsas hakim Fərid Hacıyev olacaq. Yardımçı hakimlər Rəhman İmami və Tərlan Talıbzadədir, dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək. VAR sisteminə Nicat İsmayıllı, AVAR-a isə Asiman Əzizli cavabdehdir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Şamaxı”ya, “Sumqayıt” “Karvan-Yevlax”a (4:1), “Qarabağ” isə “Turan Tovuz”a (2:1) qalib gəlib. “İmişli” ilə “Qəbələ” arasında keçirilən matç isə 2:2 hesablı bərabərliklə nəticələnib.