Pikassonun 600 min avroluq tablosu oğurlandı


İspaniya Milli Polisi Pablo Pikassonun Madriddən Qranadaya gətirilən “Gitara ilə natürmort”  əsərinin yoxa çıxması ilə bağlı araşdırma aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İdeal” nəşri məlumat yayıb.
Məlumata görə, rəsm təxminən 600 min avroya sığortalanıb.
Əsər keçən həftə Qranadada açılan “Kaxa-Qranada” Fondunda “Natürmort: Ətalətin Əbədiliyi” adlı sərgidə nümayiş etdirilməli idi.
Lakin əsərləri nümayiş etdirmək üçün açarkən qalereya işçiləri bir rəsm əsərinin çatışmadığını görüblər. Nəticədə, sərgi “Gitara ilə natürmort” əsəri olmadan açılıb.
İspan mətbuatının yazdığına görə, bütün saxlama və daşıma şərtlərinə ciddi əməl edilsə də, Pikassonun “Gitara ilə natürmort” əsəri tranzit zamanı yoxa çıxıb.
Hüquq-mühafizə orqanları rəssamın əsərinin cinayətkar şəbəkə tərəfindən oğurlandığına ehtimal edirlər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, Pikassonun əsərləri ilə bağlı ilk oğurluq hadisəsi deyil. 1976-cı ildə Fransada rəssamın 100-dən çox tablosu oğurlanmış, lakin sonradan əksəriyyəti tapılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top