ABŞ Stiv Cobsun xatirə sikkəsini buraxacaq


ABŞ Zərbxanası “Apple”ın həmtəsisçisi və keçmiş baş icraçı direktoru Stiv Cobsun təsviri olan 1 dollarlıq xatirə sikkəsini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, sikkənin dizaynı zərbxananın saytında dərc edilib.
Sikkənin üzərində Şimali Kaliforniyaya xas olan təpələrin və palıd ağaclarının fonunda oturmuş gənc Stiv Cobs təsvir ediləcək.
Ön tərəfdə şəklin ətrafında “Amerika Birləşmiş Ştatları”, “Kaliforniya”, “Stiv Cobs” və “Möhtəşəm bir şey yaradın” sözləri yazılacaq.
Xatirə sikkəsi “American Innovation” xatirə sikkələri seriyasından buraxılacaq.
Qeyd edək ki, sikkələr 2026-cı ildən etibarən zərbxananın saytında 13.25 dollara satılacaq. Bundan əlavə, dörd sikkədən ibarət dəst 27.5 dollara təqdim ediləcək.
Xatırladaq ki, ABŞ-də hər bir ştatdan görkəmli şəxsləri və ya ixtiraları əks etdirən “American Innovation” xatirə sikkələri seriyası ilk dəfə 2018-ci ildə buraxılıb. Seriyaya 50 ştatın, Kolumbiya dairəsinin və ABŞ-nin beş ərazisinin hər birini əks etdirən sikkələr daxildir.
Bu seriyanın bütün sikkələri profildə Azadlıq heykəlini, həmçinin, “Allaha inanırıq” və “1 dollar” yazılarını əks etdirir. Xatirə sikkəsinin kənarında isə buraxılış ili və latın dilində “Çoxdan bir” yazısı yazılır.

DİGƏR XƏBƏRLƏR

Top