
2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə səfəri çərçivəsində Ankara şəhərində yerləşən TED Universitetində (TEDÜ) olub. Nümayəndə heyətini TEDÜ-nün rektoru Prof. Dr. İhsan Sabuncuoğlu və universitetin rəhbər heyəti qarşılayıb.
Görüş zamanı tərəflər tədris, elmi-tədqiqat və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rektor A.Eminov çıxışında MDU-nun son illərdə həyata keçirdiyi beynəlxalqlaşma strategiyasından, universitetdə müasir tədris və idarəetmə modellərinin tətbiqindən, eləcə də rəqəmsallaşma və innovasiya yönümlü fəaliyyətlərdən danışıb. O bildirib ki, TEDÜ ilə qurulacaq əməkdaşlıq MDU-nun beynəlxalq layihələrdə iştirakını gücləndirəcək və tələbə–müəllim mübadiləsi üçün yeni fürsətlər yaradacaq.
TEDÜ-nün rektoru İ.Sabuncuoğlu isə çıxışında universitetlərarası əməkdaşlığın elm və innovasiyanın qlobal səviyyədə paylaşımı baxımından əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, TEDÜ-nün müasir təhsil modeli və tədqiqat infrastrukturu Azərbaycan–Türkiyə akademik əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək və birgə layihələr üçün geniş platforma yaradacaq.
Görüşün sonunda MDU ilə TEDÜ arasında Anlaşma Memorandumu (MoU) imzalanıb. Sənədi MDU-nun rektoru Dr. Anar Eminov və TEDÜ-nün rektoru Prof. Dr. İhsan Sabuncuoğlu imzalayıblar.
İmzalanan Memoranduma əsasən tərəflər tədris və tədqiqat fəaliyyətlərində marağın artırılması və birgə elmi layihələrin təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Həmçinin müəllim və tələbə mübadiləsi proqramları həyata keçiriləcək. Bununla yanaşı, birgə simpozium, konfrans, qısamüddətli təlim və görüşlər təşkil olunacaq. İnformasiya texnologiyaları, süni intellekt, “Big Data”, kibertəhlükəsizlik və bulud texnologiyaları kimi sahələrdə birgə tədqiqat və layihələr icra ediləcək. Eyni zamanda, innovativ tədris və idarəetmə metodları üzrə təcrübə mübadiləsi aparılacaq.
Memorandum çərçivəsində tərəflər bakalavr, magistr və doktorantura pillələrində təhsil alanları bir semestr və ya akademik il ərzində qarşılıqlı mübadiləsini həyata keçirəcək.
Qeyd edək ki, bu əməkdaşlıq iki ölkə universitetləri arasında elmi bilik, innovasiya və akademik təcrübə mübadiləsini gücləndirməklə yanaşı, MDU-nun beynəlxalq akademik şəbəkəsini daha da genişləndirəcək.