
Bu ilin ilk 9 ayında xarici ölkələrə ixrac olunan Azərbaycan mənşəli qeyri-neft məhsullarının ümumi dəyəri 2 milyard 367,7 milyon dollar təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkənin ixracında əsas pay tərəvəz və meyvələrə məxsusdur.
Belə ki, 573,9 min ton kənd təsərrüfatı məhsulu xaricə satılaraq 602 milyon dollardan çox gəlir gətirib.
Hesablama göstərir ki, bir kiloqram meyvə və tərəvəz təxminən 1,05 dollar dəyərində satılıb.
İxrac siyahısında ikinci yerdə alüminium və ondan hazırlanan məmulatlar qərarlaşıb.
54,7 min ton alüminium məhsullarının satışı nəticəsində ölkə 154 milyon dollar gəlir əldə edib.
Üçüncü ən gəlirli məhsul isə pambıq lifi olub – 95,3 min ton pambıq lifi 136,4 milyon dollara ixrac edilib.
Beləliklə, bir kiloqram pambıq lifinin ixrac qiyməti orta hesabla 1,4 dollar təşkil edib.
Dördüncü sırada azot gübrəsi dayanır. 426,9 min ton gübrənin satışı Azərbaycan iqtisadiyyatına 131,9 milyon dollar qazandırıb.
Hər ton azot gübrəsinin ixrac qiyməti təxminən 309 dollar olub.
Bundan başqa, etilen polimerləri (hər ton üçün 1 106 dollar), metanol (hər ton üçün 225 dollar), elektrik enerjisi (1 kVt/saat üçün 5,7 sent) və mis filizləri (hər ton üçün 1 862 dollar) ölkənin əsas ixrac malları sırasındadır.
Elnur Əli