
Gənclər arasında elektron siqaretdən istifadə hallarının son illərdə nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, elektron siqaretdən istifadə edənlərin bir qismi bunu ənənəvi siqareti tərgitmək istəkləri ilə izah edirlər.
Bəs elektron siqaret ənənəvi siqareti tərgitməyə kömək edirmi?
Elektron siqaret ənənəvi siqaretdən nə qədər təhlükəsizdir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, elektron siqaretlər əvvəllər ənənəvi siqaretlərin analoqu, yəni onun qarşısını ala biləcək alternativ vasitə kimi təqdim edilirdi:
“2006-cı ildən satışa çıxarılan bu məhsulların daha zərərsiz olduğu güman edilirdi. Lakin bu, belə deyil. İnsan orqanizmi zərərli qazlar və tozlar üçün deyil, təmiz hava üçün nəzərdə tutulub. Buna görə də zamanla elektron siqaretlərin fəsadlarının ortaya çıxacağı bəlli idi. Sadəcə, bu məhsulların bazarda olma müddəti cəmi 19 ildir, yəni nəticələri müşahidə etmək üçün çox az vaxt keçib. Məsələn, ənənəvi siqaretlər uzun illər ərzində dəfələrlə sınaqdan keçirilib, lakin elektron siqaretlə bağlı bu qədər geniş tədqiqat aparılmayıb”.
“Artıq EVALI adlandırılan və sırf elektron siqaretlə bağlı olan yeni bir xəstəlik ortaya çıxıb”
Pulmonoloq qeyd edib ki, elektron siqaret insanların ənənəvi siqaretdən qorunmasına kömək etmir, əksinə, asılılığı daha da artırır:
“Bu, sadəcə bir marketinq oyunudur. İnsanlar yandırmağa ehtiyac duymadan istədikləri vaxt buxarı nəfəsinə çəkə bilir. Üstəlik, cihazın parlaq və cazibədar görünüşü qadınlar və gənclər üçün daha cəlbedici olur. Əvvəllər siqareti bəyənməyən gənclər indi onu "moda" kimi görürlər. Bu, satış üçün uğurlu, amma tibb üçün çox uğursuz addımdır”.

Əsəd Beydullayev
Ə. Beydullayevin sözlərinə görə, elektron siqaretlərin fəsadları müxtəlif xəstəliklərə səbəb ola bilər:“Artıq EVALI adlandırılan və sırf elektron siqaretlə bağlı olan yeni bir xəstəlik ortaya çıxıb. İlk dəfə bu xəstəlik ABŞ-da bir gəncdə aşkar edilib və indi onunla bağlı araşdırmalar davam edir. Bu, çox ciddi problemdir və xəstəliyin yayılması da artır”.
Pulmonoloq vurğulayıb ki, gənclərin elektron siqaretdən uzaqlaşdırılması üçün ciddi tədbirlər görülməlidir:
“Satış qiyməti artırılmalı, məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, uşaqlara bu vasitələrin zərərləri əyani şəkildə göstərilməlidir. Siqareti tərgitmək istəyənlər isə nikotini əvəz edən dərman vasitələrindən istifadə etməlidir. Çünki bu məsələ vaxtında nəzarət altına alınmasa, virus kimi yayılacaq və sonradan qarşısını almaq mümkün olmayacaq”.
Gənclər niyə elektron siqaretə bu qədər maraq göstərirlər?
Yeniavaz.com-a açıqlamasında klinik psixoloq Ofelya Məmmədova bildirib ki, gənclərin çoxu elektron siqareti yalnız “moda” üçün deyil, həm də emosional ehtiyac səbəbindən seçir:
“Onlar fərqli görünmək istəyi ilə yanaşı, qrupa aid olmaq arzusundadır. Ona görə də siqaret bir növ özünüifadə forması kimi seçilir. Gənc üçün ‘"qrupun bir hissəsi olmaq" çox vacibdir. Əgər dostları çəkirsə, o da başlamaq istəyə bilər. Çünki rədd edilmə qorxusu siqaretin zərərindən daha güclü olur”.

Ofelya Məmmədova
Psixoloq qeyd edib ki, elektron siqaret beyində xoş hiss yaradan dopaminin səviyyəsini artırır:“Stress, sıxıntı və ya tənha qaldıqda gənc həmin xoş hissi yenidən yaşamaq istəyir. Beləcə, emosional rahatlıq siqaretlə əlaqələnir və psixoloji asılılıq yaranır”.
O. Məmmədova sonda vurğulayıb ki, gənclərin elektron siqaretdən uzaqlaşması üçün valideynlərin də rolu çox vacibdir:
“Gəncləri qorumağın yolu qadağa qoymaq deyil, onları başa düşməkdir. Onu dinləmək, duyğularını ifadə etməsinə imkan vermək, "səni başa düşürəm" hissini yaratmaq çox daha təsirlidir. Çünki o, siqareti deyil, emosional boşluğu doldurmağa çalışır. Elektron siqaret bir cihaz deyil, daxili narahatlığın tüstüsüdür”.
Fəridə Əsədzadə