
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenin oktyabrın 14-də Tbilisidə mitinqdə iştirak etməsi ilə bağlı ATƏT Katibliyinə və təşkilata üzv dövlətlərə etiraz notası təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanat yayıb.
Bəyanata görə, ATƏT rəhbəri rəsmi səfərin proqramına əlavə olaraq, hökumət əleyhinə olan fəalların təşkil etdiyi kiçik küçə etirazına qoşulub.
Gürcüstan XİN-in bəyan etidyinə görə, o, həmçinin Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib.
Etiraz notasında qeyd edildiyi kimi, bu fəallar Tbilisinin əsas prospektini qanunsuz olaraq bağlayıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Valtonenin bu hərəkətləri ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrlik mandatından sui-istifadə kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Valtonen Cənubi Qafqaza səfəri çərçivəsində çərşənbə axşamı Gürcüstana gəlib. Həmin gün o, Tbilisidə Gürcüstan parlamentinin qarşısındakı kiçik etiraz aksiyasında iştirak edib və burada etirazçılarla görüşüb və “X” sosial şəbəkə hesabında video yayıb. Ertəsi gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu hərəkətlərə görə Valtonenlə planlaşdırılan görüşünü ləğv edib.