
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuela Prezidenti Nikolas Maduro rejiminə qarşı gizli əməliyyatlar keçirməyə icazə verdiyini təsdiqləyib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, Tramp qərarın iki əsas səbəbini göstərib: Venesueladan ABŞ-yə narkotik maddələrin daşınması və bu ölkədən çoxlu sayda məhbusun, o cümlədən psixiatrik xəstəxanalardan buraxılan şəxslərin ABŞ-yə gəlməsi.
ABŞ Prezidenti jurnalistlərə açıqlamasında deyib: “Düşünürəm ki, Venesuela qaynar sudadır”. Lakin Tramp MKİ-yə Maduronu birbaşa devirmək səlahiyyətinin verilib-verilmədiyini açıqlamayıb.
“The New York Times” yazır ki, Trampın bu qərarı MKİ-yə Venesuela və Karib hövzəsində məcburi əməliyyatlar keçirməyə imkan verəcək. Qəzetin məlumatına görə, bu əməliyyatlar həm Maduro hökumətinə qarşı, həm də daha geniş hərbi planların tərkib hissəsi kimi həyata keçirilə bilər.
Bundan əvvəl ABŞ qüvvələri Venesuela sahillərində narkotik daşıdığı iddia edilən gəmilərə zərbələr endirib, nəticədə 27 nəfər ölüb. Rəsmilər bildiriblər ki, məqsəd Maduro rejimini zəiflətmək və hakimiyyətdən uzaqlaşdırmaqdır.
Hazırda regionda 10 minə yaxın ABŞ əsgəri xidmət aparır, onların əksəriyyəti Puerto Rikodakı bazalarda və amfibiya gəmilərində yerləşdirilib.
ABŞ Tramp administrasiyası Maduronu “narkoterrorçu” adlandırıb və onun beynəlxalq cinayətkar şəbəkələrlə əlaqəsi olduğunu iddia edir. Vaşinqton Maduronun həbsinə gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat təklif edib.
“The New York Times” həmçinin qeyd edib ki, MKİ-nin bu tip gizli əməliyyatları yeni deyil – agentlik 1950-1980-ci illərdə də Latın Amerikasında hökumətləri devirmək və siyasi qüvvələri dəyişmək məqsədilə oxşar fəaliyyətlər həyata keçirib.