
2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Bildirilir ki, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.
Əlavə edilib ki, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir: “2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu kontekstdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir”.