Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı sanksiyaları genişləndirib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, rəsmi London Rusiyanın iki ən böyük neft şirkəti – “Lukoyl” və “Rosneft”ə qarşı yeni məhdudiyyətlər paketi tətbiq edib.
Sanksiyalara həmçinin Rusiyanın “kölgə donanması” adlandırılan strukturuna daxil olan 51 neft tankeri də daxil edilib.
Britaniyanın maliyyə naziri Reyçel Rivz ABŞ-yə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, bu addım Rusiyanın enerji gəlirlərini azaltmaq məqsədi daşıyır.
“Rusiyanın iki ən böyük neft şirkəti olan “Lukoyl” və “Rosneft”ə qarşı məqsədyönlü sanksiyalar tətbiq edirik”, — deyə nazir vurğulayıb.
Yeni sanksiyalar iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən müdafiə sektorunda fəaliyyət göstərən fiziki və hüquqi şəxsləri də əhatə edir.
Rəsmi Londona görə, bu məhdudiyyətlər Rusiyanın müharibə büdcəsini zəiflətməyə yönəlib və enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi güdür.