Putin Moskvada Əhməd əl-Şaraa ilə görüşüb


Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd əl-Şaraa ilə Moskvada keçirdiyi görüş zamanı iki ölkə arasındakı münasibətlərin tarixi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu bildirib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Putin Rusiya ilə Suriya arasında diplomatik əlaqələrin 80 ildən artıq mövcud olduğunu və bu münasibətlərin “həmişə mehriban və möhkəm” xarakter daşıdığını qeyd edib.
“Ölkələrimiz arasında onilliklər ərzində xüsusi münasibətlər inkişaf edib. Biz 1944-cü ildə diplomatik əlaqələr qurmuşuq və bu əlaqələr Rusiya və Sovet İttifaqı üçün ən çətin dövrlərdə belə davam edib. Moskva Dəməşqlə münasibətlərində hər zaman Suriya xalqının maraqlarını əsas götürüb. Bizim Suriya ilə münasibətlərimiz heç vaxt siyasi şəraitə və ya xüsusi maraqlara bağlı olmayıb. Onilliklər ərzində biz həmişə bir şeyi – Suriya xalqının maraqlarını rəhbər tutmuşuq”, - deyə Putin bildirib.
Putin həmçinin bildirib ki, hazırda 4 mindən çox suriyalı tələbə Rusiyanın ali təhsil müəssisələrində təhsil alır və gələcəkdə bu gənclər Suriya dövlətçiliyinin möhkəmlənməsinə mühüm töhfə verəcəklər: “Rusiyanın Suriya xalqı ilə dərin əlaqələri var. Yüzlərlə, bəlkə də minlərlə insan arasında dostluq və ailə münasibətləri mövcuddur”.
Suriyadakı vəziyyətə də toxunan Putin bildirib ki, ölkə çətin dövrlərdən keçsə də, son parlament seçkiləri siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək: “İnanıram ki, bu, Suriya üçün böyük uğurdur, çünki bu, cəmiyyətin konsolidasiyasına və birliyinə gətirib çıxarır.”
Qeyd edək ki, Putin və əl-Şaraa arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top