Yaponiya yeni baş nazirini bu tarixdə seçəcək


Yaponiya parlamentinin əsas aşağı palatasında yeni baş nazir üçün səsvermə oktyabrın 21-də keçiriləcək.
Yeniavaz.com
“Kyodo” agentliyinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi Parlament Palatalarının İşinin Tənzimlənməsi Komitəsinə məlumat verib.
Agentliyin məlumatına görə, hakim Liberal Demokrat Partiyası (LDP) hazırda yeni seçilmiş lideri Sanae Takaiçinin baş nazir postuna namizədliyini irəli sürmək üçün son hazırlıq işlərini görür. Müxalifət partiyaları da vahid namizədin razılaşdırılması istiqamətində fəal iş aparır. Əgər əsas müxalifət partiyaları arasında razılıq əldə olunarsa, bu, onlara 2012-ci ildən LDP-nin əlində olan hakimiyyəti ələ keçirməyə imkan verə bilər.
LDP-nin başçılıq etdiyi hakim koalisiyanın dağılmasından bəri Yaponiya siyasətində hökm sürən qeyri-müəyyənlik fonunda qarşıdan gələn səsvermənin nəticələri gözlənilməz olaraq qalır. “Komeito” Partiyasının koalisiyadan çıxması ilə Yaponiya müxalifətinin hakimiyyətə gəlmək üçün real şansı var.
LDP ilə “Komeito” arasında əsas fikir ayrılığı bir il əvvəl LDP-ni sarsıdan maliyyə qalmaqalları ilə bağlı yaranıb. O zaman hazırkı baş nazir Şiqeru İşibanın təzyiqi ilə bir nüfuzlu partiya üzvü partiyanı tərk edib. Bununla belə, Takaiçi artıq açıq şəkildə bildirib ki, o, onların çoxunu nəinki LDP-yə qaytaracaq, həm də onları öz administrasiyasında yüksək vəzifələrə təyin edəcək.
Belə ki, seçkilərdə ardıcıl məğlubiyyətlərdən sonra LDP-nin rəhbərlik etdiyi hakim blok parlamentin heç bir palatasında çoxluğa sahib olmayıb. “Komeito” partiyasının geri çəkilməsi ilə LDP daha zəif mövqedə qalıb.
Qeyd edək ki, əgər seçilsə, Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

DİGƏR XƏBƏRLƏR

Top