
Bu ilin ilk səkkiz ayı ərzində qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,3-ə düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.
Bu ilin yanvar-avqust aylarında ölkədə 39 min 951 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.
Qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.