
Almaniyanın “Capricorn” şirkəti məşhur “Zagato” studiyası ilə əməkdaşlıq edərək, yeni hiperkarını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Autocar” portalı məlumat yayıb.
Model “Capricorn 01 Zagato” adlandırılıb və müasir mühərrikin gücünü klassik mexaniki transmissiya ilə birləşdirib.
Bu model 900 at gücünə malik olan 5,2 litrlik V8 turbomühərriki ilə təchiz edilib.
Çəkisi 1200 kq-dan az olan yeni model 100 km/saat sürəti üç saniyədən də az vaxta yığır. Onun maksimal sürəti isə 360 km/saatdır (222 mil/saat).
Bu avtomobildə hər şey sürücü üçün nəzərdə tutulub - ekran və ya rəqəmsal menyu yoxdur.
Karbon-keramika tipli “Brembo” əyləclərə malik olan yeni modelin qapıları yuxarı açılır və sürət qutusu beş pilləli mexaniki blokdan ibarətdir.
Həmçinin, avtomobil karbon lifli korpusa malik olacaq.
Portalın məlumatına görə, bu modeldən cəmi 19 ədəd hazırlanacaq və hər birinin qiyməti 3 milyon avrodan başlayacaq.


