Aİ yeni sərhəd nəzarət sistemi tətbiq edir


Aİ-yə üzv ölkələr bu gündən öz xarici sərhədlərində Aİ-nin yeni sərhəd nəzarəti sistemini, Giriş/Çıxış Sistemini (EES) tətbiq etməyə başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
Məlumata görə, oktyabrın 12-dən etibarən qısa müddət üçün (İstənilən 180 günlük müddət ərzində 90 gün) Aİ ölkələrinə gələnlərin məlumatlarını elektron şəkildə qeydiyyata almağa başlayacaq.
“Bu, tədricən, altı ay ərzində baş verəcək. Sistemin mərhələli tətbiqi zamanı üzv dövlətlər onun yerləşdirilməsinə hansı sərhəd-keçid məntəqələrində və nə vaxt başlanacağına özləri qərar verəcəklər", - AK qeyd edib.
Brüssel hesab edir ki, bu yanaşma Aİ ölkələrinə yeni sistemə uyğunlaşmağa imkan verəcək. Digər tərəfdən bu, sərhəd, nəqliyyat və səyahət xidmətlərinin yeni prosedurlara adaptasiyası üçün də vacibdir.
Altı ay ərzində EES-in bütün keçid məntəqələrində tam yerləşdiriləcəyi, pasport ştamplarının sistemdə elektron qeydlərlə əvəz ediləcəyi gözlənilir.
“EES sərhəd keçidləri haqqında etibarlı məlumatlar təqdim edəcək, qaydaları pozan şəxsləri, habelə sənədlər və şəxsi məlumatlarla bağlı saxtakarlıq hallarını sistematik şəkildə müəyyənləşdirəcək”, - deyə AK qeyd edib.
EES-in qüvvədə olduğu sərhəd keçid məntəqələrində Aİ üzvü olmayan ölkələrin vətəndaşları pasport məlumatlarını, biometrik məlumatlarını (üz şəkli və barmaq izləri), giriş və çıxış məlumatlarını EES-də qeydiyyatdan keçirəcəklər. Bu, ilk giriş və çıxışda baş verəcək. Sonrakı girişlər və çıxışlar yalnız sürətli yoxlama tələb edəcək.
Pasportların möhürlənməsi altı aylıq keçid dövründə də davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top