B vitaminləri demans riskini yarıya endirir – Araşdırma


Yaponiyalı tədqiqatçıların apardığı genişmiqyaslı araşdırma B vitaminlərinin, xüsusilə də riboflavinin (B2 vitamini) demansın (yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi) qarşısının alınmasında mühüm rol oynadığını sübut edib.
Yeniavaz.com
xəbər verir ki, “Eatingwell.com” portalının məlumatına görə, riboflavinin müntəzəm qəbulu idrak pozğunluq riskini demək olar ki, iki dəfə azaldır.
Tədqiqat çərçivəsində 4000 orta yaşlı və yaşlı iştirakçı 15 il ərzində müşahidə olunub. “Planet Today”in verdiyi xəbərə əsasən, araşdırma nəticəsində məlum olub ki, pəhrizində B2, B6 vitaminləri və fol turşusu bol olan şəxslərdə demans riski 49% azalır.
Alimlər bildirirlər ki, bu, müalicə üsulu deyil, lakin demansın profilaktikasında mühüm addımdır. Onlar balanslaşdırılmış qidalanmanın vacibliyini vurğulayaraq qeyd ediblər ki, riboflavin süd məhsullarında, yumurtada və mal ətində, B6 vitamini bananda və dəniz məhsullarında, fol turşusu isə yarpaqlı tərəvəzlərdə və paxlalılarda çoxlu miqdarda olur.
Tədqiqatçılar yaşa bağlı yaddaş və idrak zəifləməsinə qarşı təbii müdafiə yaratmaq üçün bu qidaların gündəlik menyuya daxil edilməsini tövsiyə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top